Bakıda arvadını öldürməyə cəhddə təqsirləndirilən Sərdar Namazovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Faiq Qəniyevin icraatına verilib.
Qeyd edək ki, ötən il oktyabrın 25-də Binəqədi rayonu, Biləcəri qəsəbə sakini 52 yaşlı Gülnarə Namazovaya xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin əri 64 yaşlı Sərdar Namazovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Gülnarə Namazovanın baş nahiyəsinə çəkiclə çoxsaylı zərbələr vuraraq onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb. Sərdar Namazov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.