Anasının sevgilisini öldürənin məhkəməsi başlayır - 8 il SONRA
25 avqust 2026 15:36 (UTC +04:00)

Anasının sevgilisini öldürənin məhkəməsi başlayır - 8 il SONRA

0

Azərbaycanda 8 il əvvəl qətl törədən kişinin məhkəməsi başlayır.

Lent.az xəbər verir ki, onun məhkəmə istintaqı Rusiyanın Samara Vilayət Məhkəməsində araşdırılacaq.

Qeyd olunur ki, məhkəmə anasının sevgilisini öldürməkdə təqsirləndirilən 35 yaşlı Novokuybışevsk sakini barəsində cinayət işinə qiyabi qaydada baxacaq. Cinayət 2018-ci ilin sentyabrında Azərbaycanda baş verib. Hadisədən sonra qətlin ehtimal olunan təşkilatçısı istintaqdan yayınıb.

İstintaqın versiyasına görə, kişi anasının 52 yaşlı evli biri ilə münasibətindən narazı olub. Təqsirləndirilənin qətli əvvəlcədən planlaşdırdığı və bu məqsədlə tanışını da cinayətə cəlb etdiyi bildirilir. Onlar birlikdə Rusiyadan Azərbaycana gəlib, həmin şəxsi tapıb və bir müddət onu izləyiblər.

İttihama əsasən, uyğun məqamı gözləyən şəxslər zərərçəkmişə hücum edərək ona kəsici-deşici alətlə 30-dan çox zərbə endiriblər. Kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb. Təqsirləndirilən şəxslərin əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və xüsusi amansızlıqla törədilmiş qətl kimi tövsif edilib.

İstintaq zamanı Novokuybışevsk sakini hüquq-mühafizə orqanlarından gizlənib və beynəlxalq axtarışa verilib. Onun yerini indiyədək müəyyən etmək mümkün olmayıb. Samara vilayətinin Prokurorluğu ittiham aktını təsdiqləyərək işi vilayət məhkəməsinə göndərib. Təqsirləndirilən şəxs axtarışda olduğundan məhkəmə prosesi onun iştirakı olmadan keçiriləcək.

Digər cinayətkar isə Azərbaycanda saxlanılıb və məhkəmə qarşısına çıxarılıb. Azərbaycan məhkəməsi ona uzunmüddətli həbs cəzası verib. Prokurorluğun məlumatında cəzanın dəqiq müddəti göstərilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 88

Oxşar yazılar