Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsi əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Mehdiabad qəsəbəsində keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat və külli miqdarda narkotik maddə saxlayan şəxs tutulub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, bölməyə əvvəllər məhkum olunmuş Niyaməddin Paşayevdə odlu silah olması barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs saxlanılıb və onun əlindəki bağlamaya baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı istifadəyə yararlı avtomat, 9 ədəd patron, daraq və 320 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.
Niyaməddin Paşayev odlu silah-sursatı bir müddət əvvəl tapdığını, polisə təhvil verməyərək gizlətdiyini bildirib. O, ifadəsində silahı və narkotik vasitəni satmaq məqsədi ilə əldə etdiyini qeyd edib.
Mehdiabad Polis Bölməsində toplanan materiallar Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Faktla bağlı İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Niyaməddin Paşayev barəsində məhkəmələrin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.