Maliyyə Nazirliyi ötən il dövlət və icmal büdcələrin (operativ) icrasına dair məlumat yayıb. Nazirlikdən Lent.az-a verilən məlumata görə, 2013-cü il dövlət büdcəsinin mədaxili 19494,4 mln. manat, xərcləri 19112,6 mln. manat olmuş, 381,8 mln. manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb.
2013-cü ildə dövlət büdcəsinin mədaxili 101,8 faiz icra olunub ki, bu da 2012-ci illə müqayisədə 2212,9 mln. manat və ya 12,8 faiz çoxdur.
Dövlət Neft Fondundan büdcəyə 11350,0 mln. manat transfert edilib.
2013-cü ildə dövlət büdcəsinin xərcləri 96,3 faiz icra edilib ki, bu da 2012-ci ilə nisbətən 1696,1 mln. manat və ya 9,7 faiz çoxdur.
2013-cü ildə dövlət büdcəsi xərclərindən 50,7 faiz və ya 9688,1 mln. manat cari xərclərə, 45,5 faiz və ya 8696,3 mln. manat əsaslı xərclərə, o cümlədən dövlət əsaslı vəsait qoyuluşu xərclərinə 6915,0 mln. manat, 3,8 faizi və ya 728,2 mln. manat dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldilib.
Ötən il dövlət büdcəsi xərclərinin 32,6 faizi və ya 6239,0 mln. manatı sosial təyinatlı xərclərin maliyyələşdirilməsinə yönəldilib ki, bu da 2012-ci illə müqayisədə 598,0 mln. manat və ya 10,6 faiz çoxdur.
2013-cü ildə icmal büdcənin gəlirləri 22919,3 mln. manat və ya 110,6 faiz təşkil etmişdir ki, bu da 2012-ci illə müqayisədə 580,9 mln. manat və ya 2,6 faiz, xərcləri isə 21857,0 mln. manat və ya 89,2 faiz olmuşdur ki, bu da 2012-ci illə müqayisədə 1784,3 mln. manat və ya 8,9 faiz çoxdur.