Bakının mərkəzində yeni metro stansiyaları tikiləcək
18 iyun 2011 18:24 (UTC +04:00)

Bakının mərkəzində yeni metro stansiyaları tikiləcək

Bu xətt Bakı Beynəlxalq Avtovağzalında tikilən metro stansiyasını paytaxtın mərkəzi – Azadlıq meydanı ilə birləşdirəcək. Bu barədə «APA-ECONOMICS»ə Bakı Metropoliteni rəisinin müavini, Tikilən Metropoliten Müdiriyyətinin rəhbəri Arif Rəsulov məlumat verib.

Yeni metro xətti 6 stansiyadan ibarət olacaq. Xəttin ilk stansiyası «Avtovağzal», ikincisi - «Memar Əcəmi» olacaq. A.Rəsulovun sözlərinə görə, bu məqsədlə «Memar Əcəmi» keçid stansiyasına çevriləcək. Yeni metro xəttinin 3-cü stansiyası Ceyhun Səlimov küçəsində – Bakının «Papanin» adlanan ərazisində, təqribən «Xutor dairəsi»nin ətrafında olacaq. Növbəti, 4-cü stansiya Heydər Əliyev adına İdman-Konsert Kompleksinin aşağı hissəsində olacaq. Oradan bir neçə istiqamətə – kompleksin özünə, C.Məmmədquluzadə küçəsinə, eləcə də Tbilisi prospektinə çıxışlar olacaq. Metro xəttinin 5-ci stansiyası isə şəhərin mərkəzinə – Heydər Əliyev Sarayının arxa hissəsində – hazırda salınmaqda olan «Qış bağı»nın başlanğıcında salınacaq. Bu stansiyanın 4-5 çıxışı nəzərdə tutulub. Burdan sonra metro xətti şəhərin mərkəzinə və dənizə doğru davam edəcək və Azadlıq meydanında tamamlanacaq. Azadlıqda tikiləcək stansiya xəttin sonuncu 6-cı dayanacağı olacaq.

Qeyd edək ki, artıq metronun yeni «Avtovağzal» stansiyasında 2 paralel tunelin qazıntısına başlanıb. Bu işlər Almaniya və ABŞ-dan alınmış ən müasir və bahalı qazma qurğuları - «Robbins» (ABŞ) və «Herrenknecht» (Almaniya) vasitəsi ilə aparılır.

Rəis müavininin sözlərinə görə, stansiyaların tikintisi sürətlə aparılacaq. Artıq 2015-16-cı illərdə xəttin ilk üç stansiyasının hazır olması nəzərdə tutulur. «Azadlıq meydanı»na isə metro ən geci 2018-ci ildə çatacaq. Bununla yanaşı, tikinti işlərinin sürəti yerin quruluşundan və geologiyasından asılı olacaq.

Qeyd edək ki, təsdiqlənmiş inkişaf strategiyasına əsasən, 2030-cu ilədək Bakı Metropoliteninin stansiyalarının sayının 76-a, tunellərin uzunluğunun isə 119 km-ə çatdırılması nəzərdə tutulur. Strategiyaya uyğun olaraq metropoliten sistemində 5 müstəqil metro xətti olacaq.
# 1206

Oxşar yazılar