“Yuventus”un hücumçusu Qonsalo İquain icarə əsasında “Milan”a keçməyə razılıq verib. Apasport.az saytının “Sky Sports”a istinadən məlumatına görə, “rossonerilər” 30 yaşlı futbolçu ilə müqavilənin şəxsi detallarını razılaşdırıb.
İquainin bir illik icarə dəyəri 18 milyon avro olacaq. Bununla yanaşı, “Milan” növbəti yay argentinalını 36 milyon avro qarşılığında birbaşa heyətlinə qatmaq haqqına sahib olacaq.
İquainlə yanaşı, Leonardo Bonuççi (“Milan”) və Mattia Kaldaranın (“Yuventus”) da istiqamət dəyişdirəcəyi gözlənilir. Hər üç futbolçunun keçidi bu gün açıqlana bilər.
Qeyd edək ki, “Yuventus” 2016-cı ilin yayında Qonsalo İquaini transfer etmək üçün “Napoli”yə 90 milyon avro ödəmişdi. İki il ərzində turinlilərin heyətində 105 matçda meydana çıxan hücumçu 55 dəfə fərqlənib.