Xavinin mövsümün sonunda işini tərk edəcəyini bildirməsindən sonra "Barselona" məşqçi axtarışlarına başlayıb. İspan nəhəngində gündəmə gələn şəxs klubun keçmiş baş məşqçisi Frank Raykard olub.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, "Barselona"nın prezidenti Joan Laportanın klubun keçmiş baş məşqçisi Frank Raykardla əlaqə saxladığı iddia edilib.
Qeyd edilib ki, Raykaard ilk vaxtlar “Barselona”ya qayıtmaqda çox da həvəsli deyildi. Bu səbəbdən hollandiyalı çalışdırıcının "Barselona"ya mümkün qayıdışının asan olmayacağı bildirilib.
61 yaşlı Raykard son vaxtlar karyerasında istədiyini tapa bilməyib. 2013-cü ildə Səudiyyə Ərəbistanı millisindən ayrılan Raykard o vaxtdan bəri heç bir komandanı çalışdırmayıb.
Raykard daha əvvəl 2003-2008-ci illərdə "Barselona"da çalışıb.