Yeni dairənin inşası həmin ərazidə avtonəqliyyat vasitələrinin daha rahat və təhlükəsiz hərəkətini təmin etmiş olacaq. Dairə Zığ-Hövsan və Zığ-Suraxanı avtomobil yollarını birləşdirəcək.
“Azəravtoyol”dan Lent.az-a verilən məlumata görə, yenidənqurma işləri çərçivəsində yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, mövcud kommunikasiya xətləri yoldan kənarlaşdırılır. Daha sonra yeni yol yatağının və yol əsasının inşası işləri aparılacaq. Sözügedən dairənin olacağı ərazidə də hazırda torpaq işləri həyata keçirilir, yol yatağının inşası aparılır.
Zığ-Aeroport yolundan Zığ-Hövsan və Zığ-Suraxanı yollarına avtonəqliyyat vasitələrinin rahat daxil olmasını təmin etmək məqsədi ilə də dairəyə doğru yeni yol hissəsi salınır. Bununla da hava limanı istiqamətindən gələn avtonəqliyyat vasitələrinin Nobel və Gəncə prospektlərinin kəsişməsində yerləşən dairədən dövrə vurub geri qayıdaraq Hövsan yoluna və ordan da Zığ qəsəbəsinə hərəkət edərək əlavə məsafə qət etmələrinə ehtiyyac qalmayacaq.
Bütün işlər “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə və texnoloji ardıcıllığa riayət olunmaqla aparılır. Bunun üçün sözügedən əraziyə kifayət qədər qüvvə cəlb olunub.
Qeyd edək ki, yeni dairənin və mövcud yolun bir hissəsinin yenidən qurulması işləri ilə əlaqədar olaraq Zığ qəsəbəsinə giriş hissə qısa müddətlik bağlanıb. Avtonəqliyyat vasitələri alternativ olaraq Hövsan və Suraxanı yollarından istifadə edərək qəsəbəyə daxil ola bilərlər.