Zakir Həsənov: ”...yüksək səviyyədədir ”
28 yanvar 2014 10:53 (UTC +04:00)

Zakir Həsənov: ”...yüksək səviyyədədir ”

Özbəkistanın Müdafiə nazirinin birinci müavini - Baş Qərargah rəisi, general-mayor Şavkat Normatovun rəhbərlik etdiyi nümayəndə heyəti dünən Azərbaycana gəlib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, əvvəlcə Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov general-mayor Şavkat Normatovu qəbul edib.

 

Hər iki dövlətin Müdafiə Nazirliklərinin nümayəndələrinin geniş tərkibdə keçirilən görüşündə iki ölkə arasında hərbi sahədə əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə edilib.

 

Sonra Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Özbəkistan Respublikasının Müdafiə nazirinin birinci müavini - Baş Qərargah rəisi general-mayor Şavkat Normatovu qəbul edib.

 

Müdafiə naziri qonağı salamlayaraq, iki ölkə arasında əməkdaşlığın dostluq münasibətləri üzərində qurulduğunu və bu əlaqələrin daim inkişaf etdiyini qeyd edib. Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri, Ermənistan ilə Azərbaycan arasında münaqişənin regional sabitliyə əsas təhlükə yaratdığını, problemin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həllinə nail olunmasının vacibliyini vurğulayıb.

 

Müdafiə naziri bildirib ki, eyni zamanda işğal altında qalan Azərbaycan torpaqlarının düşməndən azad edilməsi yolunda, qoşunların döyüşə hazırlığı və şəxsi heyətin döyüş əzmi yüksək səviyyədədir. Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti Vətən uğrunda düşmənlə döyüşə atılmağa hər an hazırdır.

 

General-mayor Şavkat Normatov da öz növbəsində iki dövlətlərin əlaqələrinin möhkəm tarixi bazaya və mehriban qardaşlıq münasibətlərinə əsaslandığını, Özbəkistanla Azərbaycanın vacib tərəfdaş olduğunu qeyd edib.

 

Sonra Azərbaycan-Özbəkistan hərbi əlaqələri və qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Görüşdə müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi,  general-polkovnik Nəcməddin Sadıkov, Özbəkistan Müdafiə Nazirliyinin Silahlanma Baş İdarəsinin rəisi, polkovnik Atabek İbadullayev və Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev iştirak ediblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1310
avatar

Oxşar yazılar