Bakı-Qazax magistral yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində bir nəfərin ölümü və bir nəfərin yaralanması ilə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə axşam saat 19.00 radələrində magistral yolunun 373 km-də, Şəmkir rayonun Dəllər-Cəyir kəndi ərazisindən keçən hissəsində qeydə alnıb.
Rayon sakini, 20 yaşlı Firdovs Fərmanlı idarə etdiyi “VAZ 2104” markalı avtomobillə Qazax istiqamətində hərəkətdə olarkən, həmyerlisi 62 yaşlı Kərim Xudaverdiyevin idarə etdiyi “VAZ 21011” markalı maşınla toqquşub. Qəza nəticəsində F. Fərmanlının sərnişini, nənəsi Roza Hacıyeva aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. “VAZ 21011”in sürücüsü Kərim Xudaverdiyev isə ağır bədən xəsarətləri ilə Şəmkir rayon mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti ağır olaraq qalır.
Qəza nəticəsində hər iki avtomobil yararsız hala düşüb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır. Qəzaya səbəb avtomobillərdən birinin dönmə əməliyyatını düzgün yerinə yetirməməsi olub.