Xəzərdə meyiti tapılan şəxs itkin düşən neftçi imiş - YENİLƏNİB
01 fevral 2017 16:12 (UTC +04:00)

Xəzərdə meyiti tapılan şəxs itkin düşən neftçi imiş - YENİLƏNİB

 

Xəzər dənizinin Neftçala sahilində meyiti tapılan şəxsin itkin neftçilərdən biri olduğu açıqlanıb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu gün səhər saatlarında sahildə meyiti tapılan şəxsin ötən ilin dekabr ayında 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması nəticəsində itkin düşən neftçilərdən biri - operator Hacıəliyev Həsənağa Hüseynağa oğlu olduğu bildirilir.

 

Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayon şöbəsində meyitin ilkin müayinəsi zamanı mərhumun iş yoldaşları bunu təsdiqləyiblər.

 

Meyit araşdırma aparılması üçün Bakıya, Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə yola salınıb.

 

Qeyd edək ki, meyit bu gün səhər saatlarında Neftçala rayonunun ikinci Mayak kəndi ərazisində, sahildə aşkarlanıb. 

 

 

**

15:45

Dekabrda Xəzərdə baş verən faciədə itkin düşən dənizçilərin axtarışı ilə bağlı yaradılmış qərargahdan bu gün Xəzərdə tapılan kişi meyiti haqda məlumat yayılıb. 

 

Qərargahdan Lent.az-a verilən məlumatda qeyd olunub ki, həyata keçirilən axtarış – xilasetmə əməliyyatları nəticəsində Neftçala rayonunun 1 – ci Mayak kəndi ərazisində sahildə naməlum meyit aşkarlanıb.

 

Tapılan meyitin, "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçilərə aid olub-olmadığı müəyyənləşdirilir. Meyitin şəxsiyyəti müəyyənləşdirildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

 

 

**

12:15

Xəzər dənizinin Neftçala sahilində naməlum kişi meyiti tapılıb.

 

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, meyit Neftçala rayonunun ikinci Mayak kəndi ərazisində, sahildə aşkarlanıb.

 

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.

 

Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Axtarış – Xilasetmə qərargahından Lent.az-a verilən məlumata görə, həyata keçirilən axtarış – xilasetmə əməliyyatları nəticəsində Neftçala rayonunun 1 – ci Mayak kəndi ərazisində sahildə naməlum meyit aşkarlanıb.

 

Tapılan meyitin, "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçilərə aid olub olmaması müəyyənləşdirilir. Meyitin şəxsiyyəti müəyyənləşdirildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 231
avatar

Oxşar yazılar