ANS televiziyası ilə əməkdaşlıq etmiş Qənirə Ataşovanın ölkədən çıxışına qadağa qoyulub.
Lent.az-ın xəbərinə görə, bu barədə vəkil Elçin Sadıqov sosial şəbəkədə status yazıb. Onun sözlərinə görə, ANS TV-nin əməkdaşı olmuş Qənirə Ataşova ötən il oktyabrın 27-də Bakıdan İstanbula uçarkən Dövlət Sərhəd Xidmətininin əməkdaşları tərəfindən saxlanılıb, ona ölkədən çıxışına qadağa qoyulduğu bildirilib və geri qaytarılıb:
"Araşdırma zamanı məlum olub ki, ANS Müstəqil Yayım və Media Şirkətinin vəzifəli şəxsləri tərəfindən terrorçuluğun təbliğinə yönələn çağırışlar etmələri və digər faktlara dair ibtidai istintaqı aparılan cinayət işi üzrə Qənirə Ataşovanın "Giriş-çıxış və qeydiyyat" İAMAS üzrə sərhəd keçməsinə məhdudiyyət qoyulub” deyə vəkil qeyd edib.
E. Sadıqovun yazdığına görə, Q. Ataşova ANS-in ştat işçisi olmayıb, şirkətlə xidmət müqaviləsi əsasında əməkdaşlıq edib, ANS-in vəzifəli şəxsi olmayıb və terrorçuluğun təbliğinə yönələn çağırış etməyib.
Vəkil bildirib ki, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi qarşısında Q. Ataşovanın ölkədən çıxışına qoyulan məhdudiyyətin götürülməsi ilə bağlı vəsatət qaldırılıb, məhkəməyə şikayət edilib.