Bakı-Qazax magistral yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun 368-ci kilometrliyində, Göygöl rayonu ərazisində qeydə alınıb. Daşkəsən rayon sakini 1949-cu il təvəllüdlü Eldar İbrahimovun idarə etdiyi “VAZ 2106” markalı avtomobillə yük maşını toqquşub. Qəza zamanı VAZ-ın sürücüsü və onun həyat yoldaşı 1953-cü il təvəllüdlü Nazkina İbrahimova müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onlara tibbi yardım göstərilib. Vəziyyətlərinin normal olduğu bildirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.