Yasamalda yanğın hadisəsi baş verib. APA-nın xəbərinə görə, hadisə Şərifzadə 132 ünvanında yerləşən 5 mərtəbə binanın 2-ci mərtəbəsində tüfeyli həyat tərzi sürən Qlavçenko Yuriy Yevqenyeviç adlı vətəndaşın evində qeydə alınıb.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Məişət tullantılarını əhatə etmiş yanğın tez bir zamanda söndürülərək digər mənzillərə keçməsinin qarşısı alınıb. Qonşuların sözlərinə görə, mənzilin sahibi Yura 30 ilə yaxındır ki, əlinə keçən hər bir məişət tullantısını öz evinə gətirir. Bu səbəbdən də həmin ünvanda dəfələrlə yanğın hadisəsi baş verib.
Bina sakinləri buna görə dəfələrlə aidiyyatı üzrə qurumlara şikayət ediblər. FHN-nin məlumatında bildirilib ki, bu bir gün ərzində mənzildə baş verən ikinci yanğın hadisəsidir. Səhər saatlarda baş verən yanğında 1956-cı il təvəllüdlü ev sahibinin meyiti aşkar olunub.
Ümumilikdə isə hadisə nəticəsində ikiotaqlı mənzildə 50 kv.m sahədə məişət tullantıları yanıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.