Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2017-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat konfransı keçirib.
Şuradan Lent.az-a verilən məlumatına görə, toplantıda açılış nitqi söyləyən sədr, Milli Məclisin deputatı Azay Quliyev rəhbərlik etdiyi qurumun hər il ictimaiyyət qarşısında geniş hesabatla çıxış etdiyini bildirib. Azay Quliyev deyib ki, Şura 10 ildir ki, dövlətin QHT-lərə beş istiqamət üzrə dəstəyini həyata keçirir. Onlardan biri də maliyyələşdirmədir: “Cənab prezident İlham Əliyevin tapşırığı belədir ki, hər hansı ayrıseçkilik etmədən bütün QHT-lərin cəmiyyət üçün faydalı olan təşəbbüsləri dəstəklənməlidir. Buna görə də Şuranın layihələri maliyyələşdirməsi zamanı heç zaman subyektivliyə yol verilmir. Fəaliyyətimiz zamanı həmişə çalışırıq ki, QHT-lər onlara göstərilən xidmətdən məmnun olsunlar. Şurada 1672 nömrəli qaynar xətt də yaradılıb ki, QHT-lər operativ şəkildə şikayət və təkliflərini bizə bildirə bilsinlər və əgər hansısa boşluqlar mövcuddursa onlar aradan qaldırılsın.
Şura sədri ötən il rəhbərlik etdiyi qurumun 494 QHT layihəsini maliyyələşdirdiyini bildirib: “QHT-lər bu layihələr çərçivəsində 31 adda kitab, 27 adda kitabça, 161 adda buklet, 130 adda digər çap materialları (posterlər, təqvimlər və s.) nəşr edib. Həmçinin 35 televiziya verilişi, 26 sosial çarx, 20 film və 16 sayt hazırlanıb”.
Azay Quliyev qeyd edib ki, Şura ötən il 4 dövlət proqramının icrasında uğurla iştirak edib. Xüsusi ilə “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində Şura tərəfindən görülən işlər 100 % icra olunmuş statusu qazanıb.
2018-ci ildən etibarən QHT-lərin apelyasiya müraciətləri elektron qaydada qəbul ediləcək. Bununla bağlı artıq Şuranın e-qht.az saytında apelyasiya bölməsi yaradılıb.
A.Quliyev bildirib ki, Şura 2012-ci ildə “Peşə birlikləri haqqında” və “Sosial sifarişlər haqında” qanun layihələrini hazırlayaraq Milli Məclisə təqdim edib. Hər iki qanun layihəsinin müzakirəsi Milli Məclisin 2018-ci il fəaliyyət planına daxil edilib.
Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov təmsil etdiyi qurumun ötənilki fəaliyyəti barədə geniş təqdimatla çıxış edib. 2017-ci ildə “Vətəndaş cəmiyyəti” jurnalının 12 nömrəsində 600-dən çox QHT-nin fəaliyyəti işıqlandırılıb. Qhtxeber.az saytına il ərzində sayta 48 min xəbər yerləşdirilib. Maliyyələşən layihələrin icrasına 1739 nəfər cəlb olunub ki, bunlardan da 615 nəfər daimi, 1124 nəfər müvəqqəti işçilərdir. Layihələr çərçivəsində keçirilən tədbirlərdə ümumilikdə 80 223 nəfər iştirak edib. Keçirilən 280 təlimdə 7687 nəfər iştirak edib. Həmçinin QHT-lərin keçirdiyi 1259 müxtəlif tədbirdə 61040 nəfər iştirak edib.
19 yerli QHT-nin xarici ölkələrdə keçirilən tədbirlərə səfərləri dəstəklənib. 20 beynəlxalq təşkilatın və xarici ölkə səfirliklərinin nümayəndələri ilə Şurada görüş keçirilib.
Şuranın www.cssn.gov.az, www.e.qht.az və www.qhtxeber.az saytları məlumatlılıq baxımından daha da təkmilləşdirilib. 2018 ildə e-növbə proqram təminatının istifadəyə verilməsi planlaşdırılır. Bu proqram vasitəsilə QHT-lər qrant müqaviləsi bağlanması üçün bütün prosesləri elektron qaydada həyata keçirəcəklər. Müqavilə bağlanması üçün Şuraya gəlmək vaxtını özləri təyin edə biləcəklər.
Şura Katibliyinin icraçı direktoru bildirib ki, Azərbaycan Respublikası Prezidentinin “Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” 2014-cü il 11 sentyabr tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən Dövlət Xidmətlərinin Elektron Reyestrində Şura ilk və yeganə qurum olaraq digər büdcə təşkilatları bölməsində qeydiyyata alınıb.
Fərasət Qurbanov Şura Katibliyinin icra olunan layihələrin 330-nu yaxşı, 72-ni əla, 79-nu kafi və 7-sini isə qeyri-kafi qiymətləndirdiyini deyib.
Hesabat məruzəsi ilə bağlı çıxış edən QHT rəhbərləri Azər Həsrət, Rauf Zeyni, Əkrəm Baydəmirli, Zaur Hüseynzadə, Niyaməddin Orduxanlı, İlham Məhərrəmli, Mətanət Əsgərqızı, Radə Abbas, Rəhim Hüseynzadə, Bəxtimşah Tağıyeva və digər şəxslər Şuranın 2017-ci ildəki fəaliyyətinin məhsuldar olduğunu və qənaətbəxş saydıqlarını deyiblər.
Şura sədri Azay Quliyev bildirib ki, bizim yeganə amalımız dövlətçiliyimizə xidmətdir. QHT sektoru olaraq bu amal ətrafında sıx surətdə birləşməliyik. Cənab prezidentə bir daha söz veririk ki, bizə göstərdiyi etimadı doğrultmaq üçün bundan sonra da var gücümüzlə çalışacağıq.
Konfransda Belçikanın səfiri, Avropa İttifaqının, İsveçrə, Rumuniya, Almaniya və Yunanıstan səfirliklərinin nümayəndələri iştirak edib.