Şirvan şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.
Şirvan şəhər Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, bu gün günorta saatlarında Şirvan şəhəri Heydər Əliyev prospektində şəhər sakini, 1987-ci il təvəllüdlü Əliyev Ramal Fürsənd oğlu “Passat Golf” markalı 90 CR 659 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olan zaman yolu keçmək istəyən Şirvan sakini, 1972-ci il təvəllüdlü İbrahimova Taliyə Arif qızını vurub. Avtomobilin zərbəsindən ağır xəsarət alan yaralı Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı Şirvan şəhər Polis Şöbəsinin istintaq bölməsində cinayət işi açılıb, araşdırma aparılır.