“2005-ci ildə parlament seçkiləri dönəmində “Azadlıq” blokunun maliyyələşməsi məsələsini o vaxt ADP sədri olan Rəsul Quliyev, Müsavat Partiyasının başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli öz aralarında Strasburqda aparılan müzakirələrdə razılaşdırılıb”.
Bunu APA-ya açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu söyləyib.
S.Cəlaloğlu deyib ki, “Azadlıq” blokunda müzakirələr zamanı ADP-nin 8 min dollar borcunun qaldığı açıqlanıb: “AXCP və Müsavat seçkilərin sonunda bu borcu hər birinə 4 min dollar olmaqla öz üzərlərinə götürdülər”.
Qeyd edək ki, Rəsul Quliyev “Azadlıq” blokuna 8 min dollar borcunun qaldığını təkzib edib. O, Türkiyədə Mirzə Xəzərin veriliş apardığı peyk telekanalı üçün 45 min dollar, təşviqat avtobusu üçün isə 35 min dollar xərc çəkdiyini, üç yerə bölünməli olan bu xərclə bağlı Müsavat Partiyası və AXCP-nin ona 52 min dollar borcunun qaldığını iddia edib. Bu partiyalardan da həmin pulu “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinə ödəməyi xahiş edib.
S.Cəlaloğlu isə bildirib ki, Rəsul Quliyev avtobusa xərc çəkə bilər, amma söhbət ümumən “Azadlıq” bloku ilə bağlı partiyaların üzərinə düşən xərclərdən gedir: “Seçki-təşviqat materiallarının hazırlanması, rayonlara səfərlər, mitinqlərin təşkili, roliklərin hazırlanması, telekanallarda pulu efir vaxtının alınması da daxil olmaqla, söhbət çox böyük xərclərdən gedirdi. Ümumi xərclərlə bağlı bizim 8 min dollar borcumuz qalmışdı. O vaxt mərkəzi bizim partiyanın qərargahında yerləşən “Azadlıq” telekanalı vardı, verilişlər burada hazırlanır, ancaq İsraildən yayımlanırdı. İndi Rəsul Quliyev Türkiyədə hansı peyk telekanalından danışır, xəbərim yoxdur. Həm də hamı bilir ki, peyk telekanalı 45 min, 80 min dollara başa gələn deyil, 1 milyon dollardan yuxarı xərc tələb olunur. Biz müxalifət olaraq da dəfələrlə bunu araşdırmışıq ki, peykdən yayımlanan bir müxalif telekanal yaradaq, nəhəng maliyyə xərcləri tələb olunduğu üçün gerçəkləşməyib”.
S.Cəlaloğlu Rəsul Quliyev ADP-yə gələrkən o dönəmdə ADP sədri olan İlyas İsmayılovla da görüşdüyünü, öhdəliklər götürdüyünü nəzərə çatdırıb: “Məsələn, partiyanın adi yer pulu, tədbirlərin keçirilməsi, səfərlərlə bağlı xərclərin çoxunu Rəsul Quliyev öz üzərinə götürmüşdü. Rəsul Quliyev ADP ilə bağlı götürdüyü maliyyə öhdəliklərinin də demək olar ki, heç birini yerinə yetirə bilmədi. İndi söhbət bütövlükdə borcdan da getmir, Rəsul Quliyev nə qədər çatdırıbsa, o qədər çatdıra bilib. Çalışmışıq ki, çatdıra bilmədiyini də oradan-buradan əldə edək. Vəsait tapa bilməyəndə də borclu qalmışıq”.
ADP sədri Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının “Asiman” restoranında keçirilən görüşlə bağlı söylədiklərinə də toxunub. Arif Hacılı Müsavat Partiyasının qatılmaqdan imtina etdiyi həmin görüşə qatılan partiyaları sonradan hakimiyyətə dəstək verməkdə günahlandırıb. Sərdar Cəlaloğlu isə deyib ki, “Asiman” restoranından əvvəl “Niaqara” restoranında Müsavat Partiyasının başqanı İsa Qəmbər, AMİP sədri Yusif Bağırzadə, Ümid Partiyasının sədri İqbal Ağazadə, AXCP sədri Əli Kərimli və KXCP sədri Mirmahmud Mirəlioğlu 2-3 dəfə görüşüblər: “Niaqara” restoranındakı görüşləri İsa Qəmbər təşkil etmişdi. Həmin görüşləri davam etdirmək üçün “Asiman” restoranında görüş nəzərdə tutulmuşdu. Əgər “Asiman” restoranındakı görüş hakimiyyətin layihəsi idisə, İsa Qəmbərin təşkil etdiyi “Niaqara” görüşləri də hakimiyyətin layihəsi idi”.