Şəmkirdə sərnişin tərəfindən bıçaqlanan taksi sürücüsü xəstəxanada ölüb.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, Şəmkir rayonun Seyfəli kəndində bıçaqlanaraq ağır xəsarətlə Gəncədə olan xəstəxanaların birinə yerləşdirilən Gəncə şəhər sakini 1958-ci il təvəllüdlü Namiq Babayevin bu gün tibbi yardımlara baxmayaraq dünyasını dəyişib.
Hadisə yanvarın 17-də Şəmkirin Seyfəli kəndində qeydə alınıb. Naməlum şəxs Gəncə şəhər sakini Namiq Babayevin idarə etdiyi “VAZ 2107” markalı avtomobilinə əyləşərək onu Seyfəli kəndində aparmasını bildirib. Yolda sürücüyə bıçaq xəsarətləri yetirən şəxs onun cibindən 2 manat pulu və telefonunu götürərək həmin avtomobil ilə ərazidən qaçıb. Sürücü N. Babayev Gəncədə olan xəstəxanaların birinə yerləşdirilmişdi.
Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində N. Babayeva məxsus “VAZ 2107” avtomobilin təmiri ilə məşğul olan Kamal Kərimova satıldığı müəyyən olunub. Cinayəti törədən şəxsin saxlanılması istiqamətində tədbirlər həyata keçirilir.
Faktla bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır.