Bakıda avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etməklə sıxlığın aradan qaldırılması istiqamətində aparılan kompleks tədbirlər çərçivəsində şəhərin mərkəz hissəsində yeni yol salınır.
“Azəravtoyol” ASC-dən Lent.az-a verilən məlumata görə, uzunluğu 1.1 km olan yol Yusif Səfərov küçəsinə paralel salınır. Sözügedən yolun inşası xüsusən günün pik saatlarında Yusif Səfərov küçəsində yaranan sıxlığın aradan qaldırılmasına hesablanıb.
Belə ki, avtonəqliyyat vasitələri sözügedən yol hazır olduqdan sonra birbaşa Yusif Səfərov küçəsinə daxil olmadan Heydər Əliyev prospektindən Kövkəb Səfərəliyev küçəsinə ordan da Dilarə Əliyeva küçəsi ilə şəhərin mərkəzinə doğru hərəkət edə biləcəklər. Bu isə öz növbəsində Yusif Səfərov küçəsindəki hərəkət intensivliyini xeyli azaltmış olacaq.
Layihəyə uyğun olaraq hazırda yol boyu maneələrin sökülməsi, kommunikasiya xətlərinin köçürülməsi, buna paralel olaraq yararsız qruntun qazılaraq çıxarılması və karbonat materialı tökülərək yenidən kipləşdirilməsi, bununla da yeni yol yatağının inşası işləri həyata keçirilir.
İşlərin qısa müddət ərzində aparılaraq yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.