Noyabrın 22-23-də Moskvada MDB-nin əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının XXVI iclası keçiriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Lent. az-a verilən məlumata görə, iclasda Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədovun, Rusiyanın əmək və əhalinin sosial müdafiəsi naziri Maksim Topilinin, Qazaxıstanın əmək və əhalinin sosial müdafiəsi naziri Tamara Duysenovanın, Moldovanın əmək, sosial müdafiə və ailə naziri Valentina Buliqanın və MDB-yə üzv olan digər dövlətlərin aidiyyəti nazirliklərinin rəhbər şəxslərinin və beynəlxalq ekspertlərin iştirakı nəzərdə tutulur.
Şuranın XXV iclasında qəbul edilmiş qərarların icra vəziyyətinin müzakirə olunacağı tədbirdə MDB-yə üzv ölkələrdə əmək və sosial müdafiə sahəsində vəziyyət və həyata keçirilən tədbirlər, kadr hazırlığının təkmilləşdirilməsi, sosial-demoqrafik siyasət sahəsində razılaşdırılmış konsepsiyanın həyata keçirilməsi üzrə Tədbirlər Planının layihəsi, gələcək əməkdaşlıq perspektivləri və digər məsələlər ətrafında fikir mübadilələri aparılacaq.
Şuraya sədrlik Azərbaycandan Rusiyaya keçəcək. Yekunda Məşvərət Şurasının XXVII iclasının keçiriləcəyi yer, tarix və iclasın gündəliyinin müəyyənləşdirilməsi də nəzərdə tutulur.
Qeyd edək ki, MDB-nin əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının XXV iclası ötən il Bakıda Azərbaycanın sədrliyi ilə keçirilib.