Xəzər dənizinin Azərbaycana aid hissəsində saxlanılmış Rusiya bayrağı altında üzən “Vətən-1” gəmisi hələ buraxılmayıb.
Bu barədə APA-ya Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəis müavini Ehtiram Rəhimov bildirib.
Onun sözlərinə görə, gəminin sahibi olan şirkət Azərbaycan limanına borcunu ödəməyib və gəmidəki texniki problemləri aradan qaldırmayıb.
«Hazırda bununla bağlı işlər davam edir», - deyən E.Rəhimov Azərbaycan tərəfinin gəmi heyətini zəruri olan qida və yanacaqla təmin etdiyini vurğulayıb.
Qeyd edək ki, 1972-ci ildə istehsal olunan, “VTS-TRans” şirkətinə məxsus olan gəminin göyərtəsində Rusiya və Ukrayna vətəndaşları var. Məlumata əsasən, Rusiyadan Azərbaycana sement daşıyan gəminin mühərriki sıradan çıxıb və gəmi Bakı sahili yaxınlığında dayanmağa məcbur olub.