Rüfət Hacıbəyli:“Əhliman Abbasın sədr seçilməsi qeyri-ciddi görünür”
18 noyabr 2013 14:20 (UTC +04:00)

Rüfət Hacıbəyli:“Əhliman Abbasın sədr seçilməsi qeyri-ciddi görünür”

Əhliman Abbas: “Bu, nə boş iddiadır?”


 

Noyabrın 17-də Müsavat Partiyası Gənclər Təşkilatına (MGT) keçirilən seçkilərdə müəyyən pozuntulara yol verildiyi iddia olunur.

 

Müsavat Partiyası başqanının gənclərlə iş üzrə müşaviri, MGT sədrliyinə namizəd Rüfət Hacıbəyli APA-ya açıqlamasında bildirib ki, seçki prosesində onun tərəfdarlarına qarşı müəyyən təzyiqlər olub: “Seçki zamanı səsvermə və səs sayılması prosesində heç bir saxtakarlıq baş verməyib. Lakin seçkini partiyanın İcra Aparatı deyil, Gənclər Təşkilatı keçirməli idi. Seçki dövründə və bundan əvvəl də bizim tərəfdarlara müəyyən təzyiqlər oldu. Partiya daxilində nüfuzumuzun artmasından qorxan bəzi qüvvələr bizə qarşı çıxdılar. Ad çəkmək istəmirəm. Müəyyən araşdırmadan sonra bunları təfsilatı ilə açıqlayacağam”.

 

R. Hacıbəyli iddia edir ki, yeni sədr Əhliman Abbas 3 ilə yaxın, partiyada fəaliyyət göstərməyib. Onun sözlərinə görə, Ə. Abbasın arxasında böyük qüvvələr olmasaydı, o sədr seçilməzdi: “1 ay olar, İngiltərədən qayıdıb. Bir ay əvvəl partiyaya gələn şəxsin sədr seçilməsi qeyri-ciddi görünür. Onun arxasında böyük qüvvələr olmasaydı, bu baş verməzdi. Mən isə 10 ildir ki, Müsavat Partiyasındayam. Mənim Əhliman Abbasla heç bir problemim yoxdur. Seçkilərin nəticəsindən asılı olmayaraq, Əhliman Abbasa uğur arzu edirəm. Burada heç bir qarşıdurma yoxdur və buna gedilməyəcək. Lakin ciddi faktlar ortaya çıxacaqsa, biz nizamnaməyə uyğun hərəkət edəcəyik”.

 

MGT sədri Ə. Abbas isə APA-ya açıqlamasında qarşı tərəfin iddiasından təəccübləndiyini deyərək, R. Hacıbəylini yalan danışmaqda ittiham edib: “Rüfət Hacıbəylinin bu iddianı irəli sürməsi mənim üçün təəccübləndirici oldu. Çünki dünən seçkidən sonra məni təbrik etmişdi. Yəqin, daha sonra bunları demək məqsədəuyğun sayılıb. Mənim 3 ildir fəaliyyətsiz olmağım ağ yalandır. Bunu partiyada çox adam və şəkilli sübutlar təsdiqləyə bilər. Mən 2011-ci ildə partiya adından aksiyalarda, beynəlxalq görüş və tədbirlərdə iştirak etmişəm. Bunları Rüfət də bilir, digərləri də. Bu qədər yalan danışmağa ehtiyac yoxdur. İkincisi, seçki prosesi lentə alınıb, hər hansı narahatlıq varsa, sübutlu şəkildə Divana müraciət etmək lazımdır, nəinki ictimaiyyətə mənasız açıqlamalar vermək. İngiltərədə olmaq, partiyada fəaliyyətsiz olmaq anlamına gəlir? Son bir ildə Rüfətin də xəbərdar olduğu müasir texnologiyaların köməyi ilə partiyadaşlarımızla əlaqədə olmuşam, tərəfdarlarımın sayını da bu zaman kəsiyində artırmışam. Bu nə boş iddiadır ki, bir aydır, Bakıya gəlib, necə seçilir? Rüfətin də tarixdən yaxşı məlumatı olmalıdır, ən böyük demokratik hərəkatların liderliyi kənardan olub, mən bir il ölkədə olmamaqla Gənclər Təşkilatına rəhbər olmağım necə təəccüblü ola bilər?”

 

Xatırladaq ki, noyabrın 17-də MGT-yə seçkilər keçirilib. Seçkinin nəticəsinə əsasən, Əhliman Abbas partiyanın Gənclər Təşkilatına sədr seçilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 668
avatar

Oxşar yazılar