Bakı şəhərində “IV İslam Həmrəyliyi Oyunları” və “2017 Formula-1 Azərbaycan Qran Pri”si kimi beynəlxalq əhəmiyyətli idman yarışları keçiriləcək və bu kimi kütləvi, mədəni tədbirlər dövründə qarşıya qoyulan vəzifələr yüksək səviyyədə yerinə yetirilməlidir.
Lent.az-ın məlumatına görə, bunu daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün Əlahiddə Çevik Polis Alayında keçirilən 2016-cı il ərzində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsində deyib.
Kütləvi tədbirlər zamanı təhlükəsizliyin təmin edilməsində Alayın böyük təcrübəsi olduğunu xatırladan R.Usubov bildirib ki, bu qurumun xidməti fəaliyyətinin respublikanın bütün ərazisini əhatə etməsi baxımından post-patrul naryadlarının daim ayıq-sayıq olması, cinayət və hadisələrin dinamikasının mütəmadi izlənilməsi, peşəkarlığın artırılması məqsədilə müvafiq təlim-məşqlərin keçirilməsi zəruridir.
Nazir qeyd edib ki, polisin qanunla müəyyən edilmiş vəzifələrindən biri də həyatı və sağlamlığı üçün təhlükəli vəziyyətə düşmüş şəxsə kömək göstərməkdir.
Bu məsələdə yaxşı nümunələrin sayının çox olduğuna, insanlara həssas münasibətin və qayğının həmişə minnətdarlıqla qarşılandığına, bunun polisin nüfuzunu daha da yüksəltdiyinə diqqəti çəkən R.Usubov vətəndaşlarla ünsiyyətdə etik normalara, qanunçuluğa, insan hüquq və azadlıqlarına ciddi riayət edilməsinin, şəxsi heyətin döyüş hazırlığının artırılmasının, sosial-məişət problemlərinin, əməkdaşların qarşılaşdıqları çətinliklərin həllinə önəm verilməsinin əhəmiyyətindən danışıb.