Qusarın Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatına start verilib. Təşkilatçı Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, çempionat 2 mərhələdən ibarət olacaq.
I mərhələ (təsnifat-seçim yarışları) 1-2 fevralda, II mərhələ (yarımfinal və final) 8-9 fevralda baş tutacaq. Beynəlxalq federasiyaların tələbləri və şərtlərinə uyğun təşkil olunan çempionatda FAİREX nəzdində fəaliyyət göstərən, müxtəlif bölgələrimizdən olan klubların (Bakıdan “Climb-club”, “Rock stone”, “EXTRALİFE”, “Qərb Universiteti idman klubu”, Azərbaycan Turizm İnstitutunun “AMEAST”, Bədən Tərbiyəsi və İdman Akademiyasının “Gənclik”, “İqtisad Universiteti” İdman Klubu, Milli Aviasiya Akademiyası, Qusardan “Salavat”, “Qusar” və “Zirvə”, Qaxdan “Extremal” və s.) idmançıları iştirak edir.
Məlumatda o da bildirilir ki, şaxtalı hava şəraitinə baxmayaraq, idmançılar qarşılarına qoyduqları məqsədə müvəffəq olmaq üçün iradə, qətiyyət, məharət və ustalıq nümayiş etdirirlər: “İştirakçılar arasında təsnifat-seçim mərhələsini uğurla keçərək final - çətinlik və sürət mərhələsinə vəsiqə qazanmaq uğrunda qızğın mübarizə gedir. İlbəil iştirakçılarının sayı artan bu kimi yarışların ölkəmizdə təşkili buzadırmanma idman növünün inkişafına, idmançılarımızın bu idman növü üzrə texnikasını təkmilləşdirməyə, eyni zamanda beynəlxalq idman dırmanması və buzadırmanma təşkilatları ilə FAİREX-in əlaqələrinin daha da genişləndirilməsinə şərait yaradır. Son dövrlərdə ölkəmizdə bu kimi beynəlxalq əhəmiyyətli yarışların keçirilməsi artıq ənənəyə çevrilib”.