Sabunçu rayonu Balaxanı qəsəbəsində yerləşən fərdi yaşayış evlərin birindən oğurluq edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu barədə ev sahibi Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsinə məlumat verib. Şikayətçi evdə olmadığı müddətdə naməlum şəxsin mənzilin pəncərəsini qıraraq içəri daxil olduğunu və oradan 2500 ABŞ dolları oğurladığını bildirib. 12-ci Polis Bölməsi əməkdaşlarının “isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Sabunçu rayon sakini Həsən Abdullayev tutulub. Saxlanılan şəxs ifadəsində oğurluq etdiyi evin sahibi ilə qonşu olduğunu bildirib. O, qonşusunun evə gəlib-getmə vaxtını dəqiq bildiyi üçün mənzilə rahatlıqla daxil olduğunu qeyd edib.
H.Abdullayevin ətrafında əlavə olaraq həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun digər bir cinayətinin də üstü açılıb. Araşdırmalarla onun cari ilin fevralın 28-də Ramana qəsəbəsində daha bir evə daxil olduğu və oradan 450 manat pul, eləcə də 1500 manat dəyərində qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib.
Qeyd edilən faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.