“Azərbaycan Dəmir Yolları” QSC kişi qatar bələdçiləri Nazirlər Kabinetinin qarşısında aksiya keçiriblər.
APA-nın məlumatına görə, aksiyaya Azərbaycandan MDB ölkələri istiqamətində hərəkət edən qatarların kişi bələdçilərinin qadınlarla əvəzlənməsinə etiraz əlaməti olaraq keçirilir.
Aksiya iştirakçılarından 5 nəfər Nazirlər Kabinetində qəbul edilib və aksiya iştirakçıları etiraz məktubunu təqdim ediblər. Nazirlər Kabinetindən bildirilib ki, yaxın zamanlarda məsələ ilə bağlı münasibət bildiriləcək.
“Azərbaycan Dəmir Yolları” QSC Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, son vaxtlar sərnişinlərə göstərilən xidmətin səviyyəsini daha da yüksəltmək, sərnişin qatarlarında qanunsuz yüklərin daşınması səbəbindən sərhəd-keçid məntəqələrində qatarların ləngiməsi hallarının qarşısını almaq məqsədilə beynəlxalq sərnişin qatarlarında kişi bələdçilərin qadın bələdçilərlə əvəzlənməsi prosesi aparılır.
N.Əzməmmədov bildirib ki, bu məqsədlə aparılan islahatlar zamanı kişi bələdçilər işdən azad olunmur, yerli istiqamətdə hərəkət edən qatarlarda işlə təmin edilirlər: “Artıq beynəlxalq və yerli istiqamətdə hərəkət edən Bakı-Moskva, Bakı-Tbilisi, Bakı-Ağstafa, Bakı-Köçərli, Bakı-Balakən, Bakı-Gəncə sərnişin qatarlarında qadın bələdçilər çalışırlar. Bu günlərdə Bakı-Xarkov sərnişin qatarında da qadın bələdçilərin xidmətindən istifadə edilməsi nəzərdə tutulur. Bu qatarda çalışan kişi bələdçilər yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarında öz fəaliyyətlərini davam etdirəcəklər. Bir faktı da qeyd edək ki, yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarında çalışan bələdçilərin əmək haqqı beynəlxalq istiqamətdə çalışanların əmək haqqından yüksəkdir”.
Xatırladaq ki, analoji aksiya yanvarın 10-da da keçirilib.