Göygöl rayonu ərazisində qətl törədilib. APA TV-nin xəbərinə görə, hadisə rayonun Stansiya Qızılca kəndində qeydə alınıb. Daşkəsən rayonun Xoşbulaq kənd sakini, 28 yaşlı Yasin Həsənov qisas zəminində Göygöl rayonun Stansiya Qızılca kənd sakini, 46 yaşlı Elçin Həsənovu qoşalülə tüfənglə gülləyərək qətlə yetirib. Göygöl rayon Prokurorluğundan verilən məlumata görə, hadisə illərdir, sürən qisas zəminində baş verib. Qətlə yetirilən şəxs 9 il əvvəl qanlı hadisəni törədənin qardaşını öldürüb.
Göygol rayon prokurorluğun köməkçisi Vasif Süleymanov deyib ki, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb. Həmin cinayət işi üzrə Daşkəsən rayon Xoşbulaq kənd sakini 1985-ci il təvəllüdlü Həsənov Yasin Sabir oğlu şübhəli şəxs qismində saxlanılıb. Yasin Həsənovla Elçin Həsənov yaxın qohumdurlar.
Dekabrın 7-də Yevlax rayonunda da qətl törədilib. Səmədabad kənd sakini Əsədov Sərxan Əli oğlu keçmiş həyat yoldaşı Əsədova Esmira Həsən qızını amansızlıqla öldürüb. S.Əsədov həyat yoldaşını döydükdən sonra iri daş parçası ilə onun başına bir neçə zərbə endirib. Sonra polisə gedərək könüllü təslim olub.