Şirvanda avtomobil qaçırmış şəxs qəza törədib. Lent.az Daxili İşlər Nazirliyinin mıtbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 17-də “102 Zəng Mərkəzi” Xidmətinə Şirvan şəhəri ərazisindən avtomobil qaçırılması barədə məlumat daxil olub.
Şirvan ŞPŞ əməkdaşları tərəfindən aparılan araşdırmalarla Bakı şəhər sakini Xəyyam Həsənovun “VAZ-2106” markalı avtomobilinin şəhərin Naxçıvan küçəsindən qaçırıldığı məlum olub. Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qeyd edilən avtomobilin şəhər ərazisində yol-nəqliyyat hadisəsi törətməsi, “VAZ-2107” markalı avtomobillə toqquşması müəyyən edilib. Hadisə yerindən qaçmağa cəhd göstərən sərxoş şəxs saxlanılaraq Polis Şöbəsinə gətirilib. Araşdırmalarla onun şəhər sakini Səbuhi Həmidov olması, Naxçıvani küçəsində dayanan avtomobilin qapılarının açıq və açarının üzərində olduğunu görüb onu qaçırması və yüksək sürətlə idarə edərək işıqforun qırmızı işığında dayanan minik avtomobilinə çırpıldığı müəyyən edilib. Qəza nəticəsində xəsarət alan olmayıb.
Faktla əlaqədar Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.