"Çingiz kimi övlad böyütdüyünüz üçün sizə minnətdaram".
Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, bunu prezident İlham Əliyev fevralın 9-da Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri ilə görüşündə deyib. Dövlət başçısı “Azərbaycanın Milli Qəhrəmanı” qızıl ulduzunu şəhidin atası Salman Qurbanova təqdim edib.
Prezident İlham Əliyev bütün Azərbaycanın Çingizlə fəxr etdiyini bildirib: “Mən sizə minnətdaram ki, belə gözəl övlad böyütmüsünüz, Azərbaycana bəxş etmisiniz. Ancaq Çingiz ölməyib, o, bizim ürəyimizdə yaşayır, yaşayacaqdır. O, hərbçi üçün ən yüksək mükafatla təltif olunub, ona Milli Qəhrəman adı verilib. O, bizim qəhrəmanımızdır. Onun adı əbədiləşdiriləcək və o, həmişə bizim ürəyimizdə yaşayacaq. Mən bu gün sizi dəvət etmişəm. Dünən Çingizin üç mərasimi verildi. Bu gün sizi dəvət etmişəm ki, bu yüksək mükafatı - Milli Qəhrəman qızıl ulduzunu sizə təqdim edim”.
Ç. Qurbanovun atası Salman Qurbanov isə bildirib ki, bu ali mükafat təkcə Çingizə deyil, Azərbaycan torpaqları uğrunda canından keçən bütün şəhidlərimizə dövlət başçısı tərəfinizdən verilən qiymətdir: “Sizə dərin minnətdarlığımı bildirirəm, cənab prezident. Mən bir şəhid atası kimi, sizi əmin edirəm ki, sizin əmrinizlə bu saat da silah götürməyə, Vətənimizin torpağını azad etməyə hazıram. Çox sağ olun, cənab prezident, sizə minnətdaram”.
***
15:08
“Keçən il dekabrın 29-da Çingiz Qurbanov doğma torpağını müdafiə edərkən qəhrəmancasına həlak olub. Çingiz Qurbanov böyük qəhrəmanlıq, igidlik göstərib göstərib”.
APA-ın məlumatına görə, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri ilə görüşdə söyləyib.
Dövlət başçısı bildirib ki, Ç. Qurbanov düşmənlə üzbəüz qalaraq qeyri-bərabər döyüşdə bir daha düşmənə Azərbaycan əsgərinin nəyə qadir olduğunu göstərib: “Təkbaşına böyük diversant qrupu ilə üz-üzə qalsa da, geri çəkilmədi, qorxmadı. Çingiz Qurbanov son nəfəsinə qədər vuruşub, bir neçə işğalçını məhv edib, şəhidlik zirvəsinə ucalıb. Biz Çingiz Qurbanovla fəxr edirik. Bütün Azərbaycan Çingiz Qurbanovla fəxr edir. Bu, bir daha göstərir ki, Azərbaycan gənci, əsgəri heç vaxt bugünkü vəziyyətlə barışmayacaq. Bu, bir daha göstərdi ki, Azərbaycan dövlətinin güclü əsgəri var. Çingiz Qurbanov böyük vətənpərvərlik, rəşadətlik göstərib”.
Prezident İlham Əliyev deyib ki, mənfur düşmən bu dəfə də öz qeyri-insani sifətini bütün dünyaya göstərib: “Bir aydan çox müddət Çingiz Qurbanovun nəşini qaytarmaq istəmirdilər. Azərbaycan dövləti Çingiz Qurbanovun nəşinin qaytarılması üçün çox böyük səylər göstərib. Eyni zamanda bizim beynəlxalq təşkilatlara müraciətlərimiz də cavabsız qalmayıb. Biz birgə səylərlə Çingiz Qurbanovun nəşini vətənə qaytarmağa nail olduq. Bakıda təntənəli vida mərasimi keçirilib, daha sonra doğulduğu Qusar rayonuna aparılıb və orada da təntənəli mərasimdən sonra dəfn edilib. Fürsətdən istifadə edərək Qusar rayon sakinlərinə hörmətimi bir daha ifadə edirəm. Qusarlılar Çingiz Qurbanov kimi qəhrəman övladı Azərbaycana bəxş edib”.
Dövlət başçısı qeyd edib ki, dekabr ayındakı növbəti təxribatın məqsədi aydın idi: “Çünki keçən ili aprel ayında Ermənistan Silahlı Qüvvələri silahlı təxribat törətməyə cəhd etmişdilər. Ancaq onlar özləri bu təxribat nəticəsində peşman olublar. Azərbaycan ordusu onlara elə zərbə vurmuşdu ki, bu günə qədər özlərinə gələ bilmirlər. Aprel döyüşlərindən sonra nəinki Ermənistan ordusu, Ermənistan dövləti silkələnib. Generallar paqonlarını, vəzifələrini itirdilər, Ermənistan cəmiyyətində panika, təşviş hökm sürür. Azərbaycan ordusu, dövləti işğal edilmiş torpaqların bir hissəsini işğaldan azad edib”.
***
12:01
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri ilə görüşüb. Lent.az-ın məlumatına görə, bu barədə AzərTAc xəbər yayıb.