“Azərbaycanda dinamik inkişafı təmin etmək üçün ictimai sabitlik vacibdir. Bunu son prezident seçkilərinin nəticələri də göstərib”. Lent. az-ın məlumatına görə, bunu prezident İlham Əliyev ikinci dəfə “Jurnalistlərin dostu” seçilməsi münasibəti ilə keçirilən tədbirdə deyib.
Dövlət başçısının sözlərinə görə, bir daha məlum olub ki, Azərbaycan cəmiyyəti sabitdir, müstəqillik, dövlətçilik və müasirlik prinsipləri bizim üçün üstünlük təşkil edir.
Prezident İlham Əliyev bu gün ölkəmizin siyasi və iqtisadi müstəqilliyinin təmin olunduğunu, xarici siyasət sahəsində Azərbaycanın mövqelərinin möhkəmləndiyini bildirib. “Biz xoşbəxt xalqıq ki, bu gün ölkəmiz müstəqil siyasət aparır”, - deyən dövlət başçısı vurğulayıb ki, güclü dövlət quruculuğu prosesində demokratik prinsiplərin təmin olunması xüsusi yer tutur və Azərbaycan rəhbərliyində demokratiyanın inkişafı ilə bağlı güclü iradə var.
Hazırda erməni lobbisinin ölkəmizə qarşı qarayaxma kampaniyasının davam etdiyini deyən prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyinin dünyaya çatdırılmasında media nümayəndələrini daha fəal olmağa çağırıb. Bildirib ki, Azərbaycan informasiya blokadasından çıxıb və bu sahədə mübarizə davam etdirilməlidir. Bəzi xarici dairələrin ölkəmizin uğurlu inkişafını qəbul etmək istəmədiyini, Azərbaycanın müstəqil xəttinin və bir çox məsələlərlə bağlı barışmaz mövqeyinin bəzi dairələri hərəkətə gətirdiyini və onlarda narahatlıq yaratdığını deyən dövlət başçısı qeyd edib ki, Azərbaycan hər zaman bu kimi hallara tutarlı cavab verir. Çünki Azərbaycan cəmiyyəti reallıqları bilir: “Biz bütün bunlardan qorunmaq üçün daha da güclü olmalıyıq və bütün bu proseslərdə medianın rolu böyükdür”.
Ölkəmizlə bağlı xaricdə yayılan informasiyaların dövlət maraqlarına xidmət etməsində medianı həmrəy olmağa səsləyib: “Bununla yanaşı, cəmiyyətdəki problemlərin işıqlandırılmasında mətbuatın rolunu yüksək qiymətləndirirəm ”.