Ötən il ərzində Azərbaycanda 16121 heyvan dişləməsi faktı qeydə alınıb. Bunu Lent.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Elmira Əliyeva bildirib. Onun sözlərinə görə, bunlardan 13925-i it dişləməsi, 1169-u pişik, 671-i siçovul, 358-i isə başqa heyvan dişləməsidir.
Şöbə müdiri deyib ki, Bakıda 2013-cü il ərzində 4684 heyvan işləməsi qeydə alınıb və bunlardan da 3530 nəfəri it dişləməsidir: “Həmçinin, ötən il paytaxtda 667 nəfəri pişik, 396 nəfəri siçovul dişləyib. 101 fakt isə digər heyvan dişləməsi ilə bağlıdır”.
E. Əliyevanın sözlərinə görə, 2012-ci illə müqayisədə ötən il bu cür faktların sayı azalıb: “Respublika üzrə 2012-ci ildə 16952 heyvan dişləməsi (14584 it, 1311 pişik, 775 siçovul, 277 digər heyvan dişləmələri) qeydə alınıb ki, bu da ötən ildəkindən 831 fakt çoxdur”.
Şöbə müdiri onu da bildirib ki, heyvan dişləmələri ölümlə nəticələnməyib.