Polis Moskvada yaxalanan ekstremist qrupunun üzvlərindən “şəhid kəməri” tapıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu haqda Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin mətbuat mərkəzinin rəsmi nümayəndəsi bildirib.
Onun sözlərinə görə, axtarış nəticəsində qruplaşma üzvlərindən detonator və dağıdıcı elementlərlə birgə əldə qayırılmış üç partlayıcı maddə, o cümlədən, qayışa bərkidilmiş “şəhid kəməri” götürülüb. Bundan başqa, hüquq mühafizə orqanlarının əməkdaşları saxlanılanlardan tapança, qumbara, patron və ekstremist ədəbiyyatı müsadirə ediblər.
Qeyd edək ki, Rusiya DİN Moskvada “Ət Təkfir val-Hicra” adlı dini ekstremist təşkilatının 15 üzvünün saxlandığını bildirərək, axtarış nəticəsində üç əldə qayırma bombanın tapıldığı haqqında məlumat yayıb.
Az sonra isə ekstremist təşkilatın daha bir üzvünün ələ keçirildiyi açıqlanıb.