<b>Moskvada Rəsulzadənin möhtəşəm yubiley tədbiri</b>
01 fevral 2014 11:12 (UTC +04:00)

Moskvada Rəsulzadənin möhtəşəm yubiley tədbiri

usiyanın paytaxtı Moskva şəhərində Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi münasibətilə tədbir keçirilib.

 

APA-nın Moskva müxbirinin məlumatına görə, Məhəmməd Əmin Rəsulzadə Məclisi, Ümumrusiya Azərbaycan Konqresi və “Şəhriyar” Ədəbi-Mədəni Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbir Kremlin İşlər İdarəsinin “Prezident” otelində baş tutub.

 

Tədbirin əvvəlində M. Ə. Rəsulzadənin 130 illiyinin qeyd olunması barədə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı oxunub.

 

Daha sonra təntənəli şəkildə zala Azərbaycanın dövlət bayrağı gətirilib.

 

M. Ə. Rəsulzadənin həyat və fəaliyyəti haqqında rus dilində qısametrajlı sənədli film nümayiş etdirilib.

 

Bakı Dövlət Universitetinin dosenti, tarix elmləri doktoru, M. Ə. Rəsulzadənin həyat və irsinin tədqiqatçısı Nəsiman Yaqublu geniş məruzə ilə çıxış edib. O, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan dövlət xadimi barədə ətraflı danışıb: “Məhəmməd Əmin Rəsulzadənin 130 illiyinin Rusiyada qeyd olunması böyük əhəmiyyət kəsb edir, bunun tarixi əsasları var. Rəsulzadə bir müddət Moskvada yaşayıb. O, 1917-ci ilin may ayında Moskvada keçirilən Rusiya Müsəlmanlarının I Qurultayında geniş məruzə ilə çıxış edib. Həmin məruzədə Rəsulzadə Rusiyada yaşayan xalqlara muxtariyyət verilməsi təklifini irəli sürüb”.

 

O, M. Ə. Rəsulzadənin Azərbaycan xalqının milli müstəqilliyi uğrunda mübarizəsindən bəhs edərək, onun Türkiyə, İran, Şərqi Avropa ölkələrindəki ictimai, siyasi, maarifləndirici və nəşriyyat fəaliyyətindən danışıb.

 

N. Yaqublu, M. Ə. Rəsulzadə Ensiklopediyasının işıq üzü gördüyünü də bildirib. Onun sözlərinə görə, həmin ensiklopediya türk və rus dillərində də çap olunacaq.

 

M. Ə. Rəsulzadənin Rusiyada olduğu dövründən bəhs edən N. Yaqublu onun Bayıl təcridxanasından Stalin tərəfindən çıxarılaraq, onunla birgə Moskvaya getdiyini, orada Milli Məsələlər üzrə Xalq Komissarlığında çalışdığını söyləyib: “Lakin ideoloji ixtilaflar və Sovet Rusiyasının kommunist ideologiyasını qəbul etmədiyindən Rəsulzadə Finlandiyaya mühacirətə getməli oldu”.

 

“Şərqdə ilk parlament, Bakı Dövlət Universitetinin təsis edilməsi, Şərqdə ilk dəfə qadınlara seçki hüququnun verilməsi və bir sıra başqa ilklər – bunların hamısı M. Ə. Rəsulzadənin böyük irsinin bir hissəsidir ki, biz bu gün bununla tam haqqımızla fəxr edirik”, - deyə N. Yaqublu bildirib.

 

Tədbirin bədii hissəsində Rusiyada fəaliyyət göstərən Azərbaycan “Dərviş” teatrı aktyorlarının ifasında Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsərindən səhnələr nümayiş etdirilib, gənc pianoçu Riad Məmmədov müxtəlif musiqi nömrələri ifa edib.

 

Konsertdən sonra mükafatlandırma mərasimi keçirilib.

 

Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru İlqar Hacıyev, “Dərviş” teatrının bədii rəhbəri Mərdan Feyzullayev, “Şəhriyar” cəmiyyətinin sədri Vasif Məmmədov Məhəmməd Əmin Rəsulzadə Məclisinin medallarına layiq görülüblər.

 

Tədbirin sonunda Rəsulzadənin səsi dinlənilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 906
avatar

Oxşar yazılar