Mətbuat Şurası qəzet satışındakı problemləri müzakirə etdi
09 dekabr 2013 17:49 (UTC +04:00)

Mətbuat Şurası qəzet satışındakı problemləri müzakirə etdi

Azərbaycan Mətbuat Şurasının qəzet yayımı ilə bağlı vəziyyəti araşdıran komissiyasının növbəti iclası keçirilib. Bu barədə Lent.az-a MŞ-dan məlumat verilib. Komissiyanın sədri, MŞ İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, paytaxtın Xətai, Nərimanov, Suraxanı, Sabunçu, Qaradağ, Səbail, Yasamal, Nizami və digər rayonlarında, müxtəlif kənd və qəsəbələrdə qəzet köşklərinin dislokasiya vəziyyəti araşdırılıb.

 

Komissiya üzvləri müəyyənləşdiriblər ki, sözügedən rayonların demək olar, hamısında yeni köşklərə ehtiyac var. Elə yerlər də var ki, orada qəzet satışı ya zəifdir, ya ta tamamilə yoxdur. “Qasid” firmasının köşklərinin əksəriyyətində isə qəzet satışı ümumiyyətlə həyata keçirilmir.

 

Paytaxtdakı yeni köşklərdə satışı həyata keçirən «Əks-səda» firmasının rəhbəri Vüqar Həsənlinin də qatıldığı iclasda eyni zamanda sözügedən qurumun yayım şəbəkəsini genişləndirməklə bağlı təkliflərinə nəzər salınıb. V. Həsənli təmsil olunduğu firmanın yaxın günlərdə paytaxta daha 60 qəzet köşkün gətirəcəyi barədə məlumat verib və bildirib ki, onların yerləşdirilməsi prosesində MŞ-nin komissiyasının rəyi nəzərə alınacaq.

 

İclasda şəhərin bir çox ərazisində qəzetlərin satışı ilə bağlı yaranmış problemin tədricən qaydasına düşdüyü qeyd edilsə də, ümumən vəziyyətin düzəlməsində Bakı metropoliteninin stansiyalarında satış işinin bərpasının vacib məqam olduğu vurğulanıb və komissiyanın mövcud istiqamətdə fəaliyyət göstərməsinin mühüm əhəmiyyət daşıdığı önə çəkilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 523
avatar

Oxşar yazılar