2016-cı ildə məişət səs-küyünə yol verən 1.240 nəfər müəyyən edilərək polis orqanlarına təhvil verilib.
Lent.az-ın məlumatına görə, bunu Əlahiddə Çevik Polis Alayının komandiri, polis general-mayoru Zaur Abdullayev Əlahiddə Çevik Polis Alayında 2016-cı il ərzində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsində deyib.
O bildirib ki, Bakı şəhər Baş Polis İdarəsi ilə razılaşdırılmış vahid dislokasiya planına uyğun olaraq post və marşrutlarda 28.292 nəfər, o cümlədən müxtəlif cinayətlər törətmiş 804, inzibati xətalara yol vermiş 27.488 şəxs saxlanılaraq barələrində qanunauyğun tədbirlər görülüb.
Z.Abdullayevin sözlərinə görə, ötən il hüquqazidd əməllərə yol verdiyinə görə saxlanılanlardan 268-i xuliqanlıq, 211-i oğurluq, 25-i soyğunçuluq, 65-i dələduzluq, 96-sı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı, 28-i digər cinayət törədənlər, 111-i isə axtarışda olanlardır. Eyni zamanda, məişət səs-küyünə yol verən 1.240, qanunla müəyyən edilməmiş yerlərdə küçə ticarəti ilə məşğul olan 4.506, digər inzibati xətalara görə 15.217 nəfər müəyyən edilərək aidiyyəti polis orqanlarına təhvil verilib.
Z.Abdullayev vurğulayıb ki, ötən il 2015-ci illə müqayisədə aşkarlanan cinayətlərin və inzibati xətaların sayı 890 fakt və ya 3.2 faiz çox olub.