Marneulidəki Məşğulluq Mərkəzində gənc yazar Atif Abbasovun Tiflisdəki “Universal” nəşriyyatında dərc olunan “Qaranlıqdan aydınlığa” kitabının təqdimatı keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, öncə kitabın müəllifi Atif Abbasov tədbir iştirakçılarına yaradıcılığı haqqında ətraflı məlumat verib. Sonra kitabın təqdimat mərasimində Kvemo Kartli bölgəsinin qubernatoru Paata Xizanişvili, Marneuli rayon icra hakimiyyətinin başçısı Merab Topçişvili, Gürcüstan parlamentinin deputatları Ruslan Hacıyev və Tamaz Naveriani və başqaları çıxış edərək roman janrında yazılan əsərin məziyyətləri barədə fikirlərini bildirərək, müəllifə ilk yaradıcılıq yolunda uğurlar arzulayıblar.
Kvemo Kartli bölgəsinin qubernatoru Paata Xizanişvili belə kitabların gürcü və azərbaycanlı gənclərin inteqrasiya olunmasına təkan verəcəyini, gürcü gənclərin azərbaycanlı yazıçıların əsərləri ilə tanış olmağının vacibliyini vurğulayıb.
Marneuli rayon icra hakimiyyətinin başçısı Merab Topçişvili tezliklə Marneulidə müasir standartlara cavab verən yeni tikilmiş Mərkəzi Kitabxananın açılışı olacağını və kitabxanada gürcü və azərbaycanlı şair və yazıçılarının yaradıcılıq gecələri keçiriləcəyini bildirib.
Parlamentin deputatı Ruslan Hacıyev 2017-ci ilin Marneulidə “Ədəbiyyat ili” elan olunması təklifi ilə çıxış edib və hər bir yaradıcı insana kömək olacağını qeyd edib.
Təqdimatı keçirilən “Qaranlıqdan aydınlığa” romanı müharibə əleyhinə yazılan əsərdir. Əsərdə son illərdə müxtəlif ölkələrdə baş verən müharibələrdə tapdalanan insan haqları və azadlıqlarına, insan itkilərinə diqqət və insani fədakarlıqlar öz əksini tapıb.
Tədbirdə romanın gürcü dilinə tərcümə olunacağı bildirilib.