Türkiyənin “Qalatasaray” futbol komandasının baş məşqçisi Roberto Mançini Çempionlar Liqasının qrup mərhələsindəki çıxışlarını dəyərləndirib. Lent.az-ın məlumatına görə, italiyalı mütəxəssis klubun telekanalına açıqlamasında İtaliyanın “Yuventus” və İspaniyanın “Real Madrid” komandalarının yer aldığı qrupdan 1/8 finala vəsiqə qazanmalarını mühüm iş adlandırıb.
O deyib: “Çox çətin qrupda idik. İlk matçda “Real Madrid”ə 1:6 hesablı çox böyük fərqli məğlubiyyət var idi. Qrupdan çıxmaq asan deyildi. “Yuventus”la Turindəki 2:2 hesablı heç-heçədən sonra üstünlük əldə etdik. 1/8 finala vəsiqə qazanmaları münasibətilə futbolçularımı təbrik edirəm”.
Mançini gənc ikən “Yuventus”a azarkeşlik etdiyini xatırladaraq, “Belə bir komandanı yenmək önəmli idi. Motivasiya vacib amildir. “Yuventus”la oyunda futbolçularım həddən artıq motivasiya olundular. Keyfiyyətli komandaya sahibik. Daha da yaxşı olmağa doğru gedirik. Həlledici amil konsentrasiyadır. Yaxşı komanda olduğumuzu xatırlatmağımız gərəklidir” deyib.
“Qalatasaray”a sentyabrın sonlarında baş məşqçi təyin olunmuş 49 yaşlı mütəxəssis düzgün yolda olduqlarını söyləyib. Onun sözlərinə görə, yeni işə başlayarkən, müəyyən çətinliklər ortaya çıxa bilər: “Bəzən 4-5 ay lazım gəlir. Komanda ilə birgə mövsüm öncəsi hazırlıq keçirməyiniz lazımdır. Futbola baxış bucağınızı belə tanıtmaq olar. Lakin mən düzgün yolda olduğumuzu düşünürəm”.
Mançini “Yuventus”un qapısına qələbə topunun müəllifi Uesli Sneyderlə qapıçı Fernando Musleranın çıxışlarına da toxunub. O bildirib ki, iki oyunçunun zədə səbəbindən uzun müddət “Qalatasaray”la birgə olmaması komandaya mənfi təsir edib: “Sneyder çox önəmli oyunçudur. Oyun qurur, qol vurur. Onun qışda “Mançester Yunayted”ə gedəcəyinə inanmıram”.
Baş məşqçi “Qalatasaray”ın 1/8 final mərhələsindəki potensial rəqiblərinin hamısını Avropanın ən güclü klubları adlandıraraq, növbəti mərhələnin püşkü üçün hər hansı istəyinin olmadığını vurğulayıb.