Dekabrın 3-də günorta saatlarından başlayaraq əsən güclü külək Göyçay, Ucar, Zərdab və Ağdaş rayonlarında ciddi fəsadlara səbəb olub.
APA-nın bölgə müxbirlərinin verdiyi məlumata görə, əsən güclü küləyin təsiri nəticəsində Göyçay, Ucar, Zərdab və Ağdaş şəhərlərinin bir hissəsində və bütün kəndlərdə elektrik enerjisinin verilişi dayanıb. Güclü külək bir çox yerdə ağacları, elektrik, rabitə və gecə işıqlandırma dirəklərini aşırıb, naqillər qırılaraq sıradan çıxıb.
İlkin məlumata görə, hazırda qeyd olunan yaşayış məntəqələrində elektrik və rabitə xidmətinin fəaliyyəti iflic olub, internet kəsilib. Bir neçə yerdə iri gövdəli ağaclar tövlələrin, yardımçı tikililərin, sahibkarlıq obyektlərinin üzərinə düşüb. Külək bəzi evlərin və yardımçı tikililərin üzərindəki dam örtüyünü qoparıb. Qasırğa şəklini alan külək hazırda da davam edir. Bu səbəbdən fəsadların aradan qaldırılması istiqaməntində işlər hələlik aparılmır.