Azərbaycan vətəndaşı Əhmədov Elxan Oktay oğlu barəsində həbs qətimkan tədbiri seçilib
“Milli Təhlükəsizlik Nazirliyi tərəfindən davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasında insanların həlak olması məqsədilə terrorçuluq hərəkətlərinin törədilməsinə yönələn hazırlığa və qanunsuz olaraq külli miqdarda odlu silah, döyüş sursatı, partlayıcı maddələrin, qurğuların əldə edilməsi hüquqazidd əməllərlə bağlı başlanılan cinayət işi üzrə daha bir nəfər şübhəli şəxs qismində tutulub”.
Bunu Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev APA-nın ölkədə dini nifrət və ayrı-seçkilik zəminində qarşıdurma yaratmaq məqsədilə “cihad etmək haqda fətva” verilməsi və Bakıda “Məşədi Dadaş” məscidinin axundunun qətlə yetirilməsi barədə çağırışlar edilməsi ilə bağlı açılan cinayət işində hansısa yeniliklərin olması barədə sorğusuna cavab olaraq deyib.
Tutulan şəxsin Azərbaycan Respublikasının vətəndaşı Əhmədov Elxan Oktay oğlu olduğunu qeyd edən A. Babayev onun təqsirləndirilən şəxs qismində cəlb olunaraq, məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildiyini bildirib.
Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi üçün istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, Nəriman Mirzəyev, Mirzəhməd Rüstəmov və qeyriləri 2012-ci ilin aprel ayında odlu silahdan və silah qismində istifadə edilən predmetlərdən istifadə etməklə terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması təhlükəsi yaradan partlayışların törədilməsi barədə öz aralarında razılığa gəliblər. Nəriman Mirzəyev, Mirzəhməd Rüstəmov və qeyriləri bu məqsədlə hazırda istintaqla araşdırılan yerdən və mənbədən xeyli sayda odlu silah və döyüş sursatı əldə edib, saxlayıb, daşıyıb və gəzdiriblər. Onlar Bakı şəhəri, Yasamal rayonundakı “Məşədi Dadaş” məscidinin partladılması ücün dini ibadətgah ətrafında müşahidələr aparıblar. Həmçinin Nəriman Mirzəyev cinayətin törədilməsindən sonra hüquq mühafizə orqanlarının təqibindən yayınmaq, onlara qarşı silahlı müqavimət göstərmək üçün Mirzəhməd Rüstəmova Qusar rayonu ərazisindəki meşədə xüsusi gizlənc yerlərinin düzəldilməsini tapşırıb. Hazırlıq işlərini yekunlaşdırdıqdan sonra, öz ətraflarında həmfikir toplamaq üçün Nəriman Mirzəyev bu ilin oktyabrında İnternetdə “facebook” sosial şəbəkəsində “cihada başlamaq”, o cümlədən axund Şahin Həsənovu qətlə yetirmək kimi çağırışlar edib. Lakin onlar öz iradələrindən asılı olmayan səbəblərdən planlaşdırdıqları cinayəti başa çatdıra bilməyiblər. Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi təxirəsalınmaz əməliyyat tədbirlərilə Nəriman Mirzəyev və Mirzəhməd Rüstəmov yaxalanıblar. Onların üzərindən və yaşadıqları evlərdən xeyli sayda odlu silah və döyüş sursatı aşkar olunaraq götürülüb.