Gəncədə 59 yaşlı kişi 22 yaşlı gənci bıçaqlayıb. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə hadisə ötən gecə şəhərin “Dəmir yolu” adlanan ərazisində yerləşən çay evində baş verib. Şəhər sakini, çay evində çalışan 1992-ci il təvəllüdlü Tural Rzayevlə, obyektdə mühafizəçi işləyən 1955-ci il təvəllüdlü Vaqif İsgəndərovla mübahisə edib. Mübahisə davaya çevrilib. Nəticədə V. İsgəndərov özündən 37 yaş kiçik T. Rzayevi bıçaqlayıb. Boğaz nahiyəsindən xəsarət alan yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.