Bu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonunda 1 nəfər qadın fərdi yaşayış evində dəm qazından zəhərlənməsi ilə bağlı məlumat daxil olub. Lent.az-n nazirliyin saytına istinadən verdiyi məlumata görə, məlum olub ki, qadının zəhərlənməsi ilə əlaqədar yaxınları tərəfindən Təcili Tibbi Yardım Stansiyasına müraciət edilib. Lakin yolların qarlı və sürüşkən olması ilə əlaqədar TTY Stansiyasının həkimləri çağırışına gedə bilmədikləri üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə həmin şəxsi hadisə yerindən, 1 saylı klinik xəstəxanaya çatdıraraq aidiyyatı üzrə təhvil verib.
Bundan başqa Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda Təcili Tibbi Yardım stansiyasının xüsusi nəqliyyat vasitəsi hava şəraiti ilə əlaqədar köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər xüsusi texnika vasitəsilə təhlükəsizlik qaydalarına riayət etməklə avtomobili təhlükəsiz əraziyə çıxararaq, xidmətin fəaliyyətinin bərpa edilməsi üçün şərait yaradıb.