Bu gün saat 16 radələrində Ermənistan Silahlı Qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarındakı mövqelərindən Tərtərin Çaylı və Qapanlı kəndlərini atəşə tutublar.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, Qapanlı kəndində ermənilərin atəş açdığı kənd sakini Hüseynov Vəkil Hüseyn oğlu hədəfdən yayınsa da, güllə onun mindiyi ata dəyib.
Erməni silahlı qüvvələri Tərtərin Çaylı kəndi istiqamətində sakinlərə məxsus mal-qaranı atəşə tuturlar. Kənddə məskunlaşan Laçın rayon sakini Etibar Şahvələdova məxsus 9 baş xırdabuynuzlu heyvana güllə dəyib, onlardan 4-ü ölüb.
Çaylı kənd İcra Nümayəndəliyindən APA-ya verilən məlumata görə, son günlər ermənilər daha çox mal-qaranı atəşə tutur. Kənd icra nümayəndəsinin müavini Xaliq Hümbətov bildirib ki, düşmənin əsas məqsədi yerli sakinləri daha aydın görünən hədəfə çevirməkdir: “Ermənilər adamları vurmaq üçün ilk olaraq heyvanları atəşə tutur. Çünki, mal-qarasının tələf olmasını istəməyən sakinlər öz həyatlarını riskə atıb atəş altına çıxır, heyvanlarını tələf olmaqdan qurtarmağa çalışır. Bu da, onların birbaşa hədəfə çevrilməsi deməkdir”.