Bu ilin 11 ayında cəbhədə ən az atəşkəs pozuntusu noyabr ayında qeydə alınıb
Cari ilin noyabr ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən cəbhə xəttində atəşkəs rejimi 116 dəfə pozulub.
APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, noyabr ayında atəşkəs pozuntuları ilə müşayiət olunan döyüşlərdə Azərbaycan Ordusu itki verməyib.
Ötən ay Azərbaycan Ordusunun yalnız 1 hərbi qulluqçusu mina partlayışından xəsarət alıb.
Noyabr ayında qoşunların təmas xəttində atəşkəsin ən çox pozulduğu ərazi cəbhənin Füzuli rayonu istiqaməti olub. Qeyd olunan istiqamətdə Ermənistan Ordusu atəşkəs rejimini 30 dəfə pozub.
Bundan başqa, Qarabağ cəbhəsi üzrə atəşkəs rejimi Ağdam rayonu istiqamətində 22, Xocavənd rayonu istiqamətində 16, Goranboy rayonu istiqamətində 16, Tərtər rayonu istiqamətində 4, Göygöl rayonu istiqamətində 2 dəfə pozulub.
Ermənistan-Azərbaycan dövlət sərhədində isə qarşı tərəfin atəşinə ən çox məruz qalan ərazi Qazax rayonu olub. Noyabrda Ermənistan Silahlı Qüvvələri tərəfindən Qazax rayonu istiqamətində 17 dəfə, Tovuz istiqamətində 5, Gədəbəy istiqamətində 3, Ağstafa istiqamətində 1 dəfə atəşkəs rejiminin pozulması qeydə alınıb.
Ümumilikdə cari ilin 11 ayında cəbhədə ən az atəşkəs pozuntusu noyabr ayında olub.
Qeyd edək ki, cari ilin 11 ayında (yanvar-noyabr) cəbhədə 1702 atəşkəs pozuntusu (yanvarda 127, fevralda 154, martda 136, apreldə 161, mayda 158, iyunda 186, iyulda 180, avqustda 161, sentyabrda 181, oktyabrda 142, noyabrda 116) qeydə alınıb.