Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın məlumatına görə, Ə. İnsanovun iştirak etmədiyi prosesdə hakim Qədim Babayevin qərarı elan olunub. Qərara əsasən birinci instansiya məhkəməsi olan Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
Qeyd edək ki, bir müddət əvvəl Ali Məhkəmənin Plenumunda Avropa İnsan Hüquqları Məhkəməsinin (AHİM) sabiq səhiyyə naziri Əli İnsanovla bağlı qərarına baxılıb. Plenumun qərarına əsasən Əli İnsanov barəsində Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin qərarları ləğv edilib, birinci məhkəmə instansiyanın qərarı isə dəyişdirilməyib və Ə. İnsanov həbsdən azad edilməyib. İş araşdırılması üçün yenidən Bakı Apelyasiya Məhkəməsinə göndərilib.
Xatırladaq ki, AİHM Ə. İnsanovun İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 3-cü maddəsi üzrə (işgəncə faktı), 6-cı maddəsinin 1-ci və 3-cü paraqrafları (ədalətli məhkəmə hüququ) üzrə iddialarını təmin edib. Qərarda eyni zamanda Azərbaycan hökumətinin Ə. İnsanova 10 min avro məbləğində kompensasiya ödəməli olduğu da əksini tapıb.