Daxili İşlər Nazirliyi Göyçayda Gəncə sakininin güllələməsi ilə bağlı xəbərlərə münasibət bildirib. DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-ya açıqlamasında bildirib ki, bəzi mətbuat orqanlarında hadisəni törədən şəxsin polis əməkdaşı kimi qələmə verilməsi həqiqətə uyğun deyil.
E. Zahidov qeyd edib ki, bəzi saytlarda qərəzli olaraq hadisəni törədən Göyçay şəhər sakini Vüqar İsgəndərovun nə vaxtsa polisdə işləməsi qabardılaraq onun polis əməkdaşı kimi qələmə verilməsi ictimaiyyətdə çaşqınlıq yaradır, polisin işinə kölgə salır: “Hadisə iki sıravi vətəndaş arasında baş verən kriminal bir olaydır”.
Qeyd edək ki, hadisə noyabrın 22-də axşam saatlarında Göyçay şəhərində baş verib. Şəhər sakini Vüqar İsgəndərov özünə məxsus fərdi yaşayış evinin həyətində Yeni Gəncə qəsəbə sakini, 1989-cu il təvəllüdlü Məmmədov Anar Zöhrab oğluna ov tüfəngindən atəş açaraq onu ayağından yaralayıb. Məlumatda bildirilir ki, Anar Məmmədov Vüqar İsgəndərovun evində heç kimin olmamasından istifadə edərək oğurluq məqsədilə həyətə daxil olub. Şəxsi avtomobili ilə evinə gələn V. İsgəndərov həyətində yad adam görüb. A. Məmmədov həyətə daxil olan ev sahibini görən kimi hasarın üstünə çıxaraq qaçmaq istəyib. Ev sahibi onu dayandırmaq istəsə də, A. Məmmədov çağırışa məhəl qoymayıb. Bu vaxt Vüqar İsgəndərov ov tüfəngindən atəş açaraq onu ayağından yaralayıb. Yaralı A. Məmmədov Göyçay rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının maşını ilə Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. O, əməliyyat olunub və hazırda xəstənin vəziyyəti normaldır. Məlumata görə, V. İsgəndərov bir vaxtlar Baş Dövlət Yol Polisi İdarəsinin yol patrul xidmətinin əməkdaşı olub, hazırda isə təqaüddədir.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.