"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin mərkəzi qərargahında 2013-cü ildəki fəaliyyətin yekunlarına dair toplantı keçirilib. Lent.az-ın məlumatına görə, iclası giriş sözü ilə açan “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin sədri, icma rəhbəri Bayram Səfərov İctimai birliyin İdarə heyətinə və icma üzvlərinə görülən işlər barədə ümumi məlumat verib.
Sonra İctimai Birliyin Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov İcmanın 2013-cü ildə həm ölkə daxilində, həm də xarici ölkələrdə həyata keçirdiyi tədbirlər barədə geniş məlumat vermiş və 2014-cü ildə qarşıda duran vəzifələr haqqında danışıb.
Daha sonra Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Əhmədov Mərkəzin yaradılmasının məqsədləri və gələcək fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib.
Hesabatlar dinlənildikdən sonra icmanın idarə heyətinin üzvləri, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla çıxış edərək ötən dövr ərzində keçirilən tədbirləri dəyərləndirərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında dünya birliyinin məlumatlandırılması istiqamətində görülən işləri yüksək qiymətləndiriblər.
ANAR MƏCİDZADƏ