Gecə saatlarında Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, qəza Heydər Əliyev prospektində olub. Hava limanı istiqamətindən H.Əliyev prospekti ilə hərəkət edən 10 RS 553 dövlət nömrə nişanlı BMW markalı avtomobilin sürücüsü idarətməni itirərək maşın yol kənarındakı maneələrə vurub. Arxadan gələn 90 NL 376 dövlət nömrə nişanlı “Daewoo” markalı avtomobil isə BMW-yə çırpılıb və sonradan alışıb.
Hadisə yerinə gələn FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri “Daewoo”nun sürücüsünün cəsədini maşından çıxarıb. BMW-nin sürücüsü isə hadisə yerində olmayıb. Hər iki sürücünün adları dəqiqləşdirilir.
Hazırda Suraxanı RPİ-nin əməkdaşları hadisə yerini müayinə edirlər.