Bakıda soyğunçuluq etmiş şəxslər tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 14-də paytaxtın Nizami rayonu ərazisində 2 naməlum şəxs Bakı şəhər sakini Elmar Məmmədovun 113 manatını açıq talama yolu ilə alıblar.
Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuşlar Pərviz Quliyev və Elməddin Quliyev saxlanılıblar.
Bundan başqa yanvarın 13-də Səbail rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini Svetlana Kolodinaya zor tətbiq edib içərisində pul və sənəd olan pulqabısını alıb. Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Aydın Hacıyev saxlanılıb.
Tutulan şəxslər ətrafında araşdırmalar aparılır.