Ötən gün polis əməkdaşları tərəfindən narkotiklərə qarşı keçirilən tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən qadın saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Səkinə Əliyeva olduğu məlum olub. Baxış zamanı ondan heroin götürülüb.
Əməliyyat yolu ilə onun narkotik vasitəni əldə etdiyi mənbə də müəyyən edilib. Davam etdirilən tədbirlərlə heroini ona satmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Hüseyn Məmmədzadə də saxlanılıb. Ondan 0,288 qram, evinə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 170 qram heroin aşkar edilib.
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş İlham Cəfərov Bakı Dəmir Yolu Vağzalında saxlanılıb. Baxış zamanı ondan 400 qram marixuana aşkar edilib. Qeyd olunan faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.
Bundan başqa Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qazma kənd sakinləri Yusif Mirəliyev, Təbriz Hüseynov və Rauf Davudov narkotik vasitə satarkən saxlanılıblar. Baxış zamanı onlardan satmaq istədikləri və üzərlərində olan marixuana götürülüb. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə Y.Mirəlyevin yaşadığı evə baxış keçirilib. Oradan 24 qram marixuana və çətənə kolu, habelə müvafiq sənədləri olmayan “BUM” markalı ov tüfəngi və 5 ədəd patron aşkar edilib. Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.