Bakı şəhərinin Səbail rayonunda evinə qayıdan qadın gözlənilməz hadisə ilə üzləşib. Səbail rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Badamdar qəsəbəsində yaşayan Qurbanova Əzizə Rəşid qızı evə qayıdıb qapını açdıqda mənzildə əlində balta tutmuş adamı görüb.
Polisə müraciət edən qadın bildirib ki, Badamdar qəsəbəsində ikimərtəbəli şəxsi evdə yaşayır. Dünən səhər saatlarında qadın qapını bağlayıb və evdən çıxıb. Saat 14:40 radələrində evə qayıdan Ə.Qurbanova giriş qapısından içəri daxil olan kimi onun qarşısına əlində balta olan naməlum şəxs çıxıb. Qışqıra-qışqıra qadının üstünə tərəfə qaçan həmin şəxs baltanı atıb və açıq qalmış qapıdan qaçıb.
Evə baxış keçirilərkən mənzilin pəncərəsinin dəmir barmaqlıqlarının sındırıldığı məlum olub. Evdən 440 manat pul və qızıl-zinət əşyaları götürülüb.
Hadisə vaxtı ev sahibəsi psixoloji sarsıntı keçirib. Evə girən şəxsin üzündə maska olmadığından polis onun bəzi əlamətlərini müəyyən edə bilib.
Əməliyyat-axtarış tədbirləri davam etdirilir.